Bakıda Qalxanabənzər vəzi xərçənginin diaqnostika və müalicəsində qlobal perspektivlər mövzusu ilə beynəlxalq simpozium keçirilib
- 2 апр.
- 2 мин. чтения

Martın 13-14-də Bakıda Milli Onkologiya Mərkəzi, Azərbaycan Onkoloqlar Cəmiyyəti və Azərbaycan Nüvə Təbabəti Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Qalxanabənzər vəzi xərçənginin diaqnostika və müalicəsində qlobal perspektivlər” mövzusunda beynəlxalq simpozium keçirilib.
Simpoziumun açılış mərasimində Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsinin onkoloq-cərrahı, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev çıxış edərək ölkədə onkologiya sahəsinin inkişafının dövlət tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Professor Əziz Əliyev bildirib ki, 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusunun açılışı olub. Uşaq Onkologiyası Klinikası Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə istifadəyə verilib.
Professor Əliyev qeyd edib ki, 2020–2025-ci illərdə Milli Onkologiya Mərkəzinə ümumi müraciətlərin sayı 1 milyonu ötüb. Bu müddət ərzində mərkəzdə 235 minə yaxın xəstə müalicə alıb, 50 minə yaxın əməliyyat icra olunub. Şüa terapiya alan xəstələrin sayı 18 mindən çox, kimyaterapiya alan xəstələrin sayı isə 32 minə yaxın olub. Göstərilən kimyaterapiya xidmətlərinin ümumi sayı isə 200 minə yaxınlaşıb. Respublikada ilk dəfə robotik cərrahiyyə əməliyyatları Milli Onkologiya Mərkəzində baş direktor akademik Cəmil Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilib.
Azərbaycanda kişilər arasında ağciyər, mədə və kolon xərçəngləri daha çox rast gəlinir. Qadınlarda isə süd vəzi, kolon və qalxanabənzər vəzi xərçəngi ilk üçlükdə yer alır. Çıxışı zamanı Ə. Əliyev qalxanabənzər vəzi xərçənginin cərrahi müalicə taktikaları və müalicə yanaşmaları barədə geniş şəkildə məlumat verib.
Daha sonra Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndəsi, professor Françesko Giammarile agentliyin onkoloji xidmətlərin inkişafına verdiyi töhfələrdən bəhs edib.
Tədbirdə Miami Cancer Research Center (Mayami Xərçəng Tədqiqat Mərkəzi) direktoru, HCA Florida Aventura Hospitalının cərrahi onkologiya şöbəsinin rəhbəri, professor Seza Güleç, Türkiyədən dəvət olunmuş mütəxəssislər – Türkiye Endokrinoloji və Metabolizm Assosiasiyasının Tiroid İşçi Qrupunun rəhbəri, Angora Thyroid Health xəstəxanasının professoru Alptekin Gürsoy və Özəl Ankara Güven Xəstəxanasının Nüvə Təbabəti Bölməsinin rəhbəri və Maltepe Universiteti Tibb Fakültəsinin Nüvə Təbabəti kafedrasının rəhbəri professor Seyfettin Ilgan, həmçinin MOM-un Nüvə təbabəti və radionuklid terapiya bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzov çıxış ediblər. Müzakirələr zamanı radioaktiv yod terapiyası və yerli təcrübədə tətbiq olunan yeni trendlər diqqət mərkəzində olub.
Tədbir zamanı, həmçinin professor Əziz Əliyevə Miami Cancer Research Center tərəfindən cərrahiyyənin Elm və Sənətində göstərdiyi yüksək peşəkarlığa görə – Excellence in Surgical Healing Award (Cərrahi Müalicədə Mükəmməllik Mükafatı) təqdim edilib.
Miami Cancer Research Center - xərçənglə mübarizədə elmi tədqiqatlar aparan, təhsil və xəstələrə dəstək proqramları təşkil edən beynəlxalq səviyyəli mərkəzdir.
Onun fəaliyyəti xərçəng sahəsində elmi təcrübənin genişlənməsinə, müasir yanaşmaların formalaşmasına və xəstələr üçün daha effektiv müalicə imkanlarının inkişafına yönəldilib.
Simpozium çərçivəsində martın 13-də Seçenov Universitetinin Bakı filialının Tədris-Simulyasiya Mərkəzində ustad dərsləri təşkil olunub. Praktik vərdişlərin təkmilləşdirilməsinə həsr olunan təlimlərdə qalxanabənzər vəzi düyünlərinin USM müşayiəti ilə biopsiyası, boyun limfa düyünlərinin dəyərləndirilməsi, beynəlxalq sinifləndirmə sistemi kimi mövzular əhatə olunub. Ekspertlərin iştirakı ilə keçirilən praktik kursda iştirakçılar klinik tapşırıqları icra etmiş və real keyslər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən bu tədbir geniş təcrübə mübadiləsi, elmi və praktik yeniliklərin öyrənilməsi baxımından yerli və xarici mütəxəssislərin böyük marağına səbəb olub. Simpozium iştirakçılarının ümumi rəyinə görə, tədbir müasir müalicə və diaqnostika üsullarının müzakirəsi baxımından effektiv platforma rolunu oynayıb.

























Комментарии