
CV

Əliyev Əziz Cəmil oğlu
tibb elmləri doktoru, professor
Əziz Əliyev 1975-ci il yanvarın 16-da Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur.
O, 1991-ci ildə 134 nömrəli orta məktəbi gümüş medalla bitirmiş və Azərbaycan Tibb Universitetinin müalicə fakültəsinə qəbul olunmuşdur.
1992-ci ildən etibarən təhsilini ABŞ-da davam etdirmiş, Nyu-York Universitetini bitirmiş və 2002-ci ilə qədər Pitsburq Universitetinin Tibb Mərkəzinin rezidenturasında təhsilini davam etdirmişdir.
Nyu-York şəhərində yerləşən Memorial Sloan Kettering Onkologiya Mərkəzində “Baş-boyun onkologiyası” üzrə iki illik proqramı uğurla tamamladıqdan sonra o cərrah-onkoloq diplomuna layiq görülüb.
Ə. Əliyev Tibbi lisenziyasını Avstriyada təsdiq etdikdən sonra o, Linz şəhərindəki Barmherzigen Schwestern Klinikası Baş-boyun şişləri cərrahiyyəsi şöbəsində iki il cərrah kimi çalışmışdır. Daha sonra Azərbaycan Tibb Universitetində tibb təhsilinin tədris işləri üzrə prorektor vəzifəsində fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona tibb elmləri doktoru elmi dərəcəsi və sonra “Onkologiya” ixtisası üzrə professor elmi adı verilmişdir.
15 ildən artıq müddətdir ki, o, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin Baş-boyun şişləri cərrahiyyəsi şöbəsinin aparıcı elmi əməkdaşı və cərrahıdır. Əziz Əliyev burada ən çətin və unikal əməliyyatlar aparır. Professor Əliyev Amerika Klinik Onkologiya Cəmiyyəti və Avropa Klinik Onkologiya Cəmiyyətinin üzvüdür. Professor həmçinin “Azərbaycan Onkologiya” jurnalının redaksiya heyətinin, “Onkologiya” və “Şüa diaqnostikası və terapiyası” ixtisasları üzrə dissertasiya şurasının, Milli Onkologiya Mərkəzinin Elmi Şurasının üzvüdür.
2025-ci ilin fevral ayında professor Əziz Əliyev ABŞ-ın Mayami şəhərində Miami Cancer Research Center (Mayami Xərçəng Tədqiqat Mərkəzi) tərəfindən təşkil olunan VII illik Tiroid Onkologiya Simpoziumunda “Ağır tiroid cərrahiyyəsinin elmi, sənəti və əməliyyatları” mövzusunda məruzə ilə çıxış etmişdir. Həmin ildən etibarən professor Əziz Əliyev Miami Cancer Research Center dəstəyi ilə bu simpoziumu Bakıda təşkil etməyə başlamış, onu davamlı şəkildə keçirilən ənənəvi elmi tədbirə çevirmişdir. Simpozium 2025 və 2026-cı illərdə uğurla keçirilmişdir və gələcək illərdə də Miami Cancer Research Center-in dəstəyi ilə mütəmadi olaraq təşkil olunması planlaşdırılır.
2026-cı ildə professor Əliyev Miami Cancer Research Center (Mayami Xərçəng Tədqiqat Mərkəzi) tərəfindən cərrahiyyənin elm və sənətində göstərdiyi yüksək peşəkarlığa görə“Excellence in Surgical Healing” (“Cərrahi Müalicədə Mükəmməllik Mükafatı”) ilə təltif edilib.
2025-ci ilin noyabrında o, Beynəlxalq Atom Enerjisi Agentliyinin təşkil etdiyi, tiroid xərçənginin müasir cərrahi müalicəsi üzrə protokolun hazırlanmasına və tiroid xəstəliklərinin idarə edilməsində vahid qlobal yanaşmanın formalaşdırılmasına həsr olunmuş tədbirdə aparıcı cərrah-mütəxəssis kimi iştirak etmişdir. Tədbirdə 15-dən çox ölkənin mütəxəssisləri iştirak etmiş və tiroid xərçəngi üzrə yeni müalicə təlimatlarının işlənib hazırlanması, pasiyentlərin təhlükəsiz və effektiv müalicəsinin təmin olunması müzakirə olunmuş və o protokollar aparıcı Avropa jurnallarında nəşr edilmişdir.
Onun təşkilatçılıq bacarıqları və rəhbərliyi sayəsində Azərbaycanda mütəmadi olaraq Avropa və ABŞ-dan tanınmış mütəxəssislərin iştirakı ilə bədxassəli şişlərin diaqnostika və müalicəsinə dair beynəlxalq konfranslar keçirilir. O, vaxtaşırı öz elmi-tədqiqat işlərinin nəticələrini ABŞ, Almaniya, Avstriya, Türkiyədə və Rusiyada keçirilən böyük onkoloji konqreslərdə təqdim edir. Milli Onkologiya Mərkəzinin direktoru akademik Cəmil Əliyevin rəhbərliyi altında, professor Əliyev Milli Onkologiya Mərkəzi və Amerika Onkoloqlar Cəmiyəti ilə birlikdə, dəfələrlə böyük beynalxalq konfranslar təşkil etmiş və ABŞ-ın aparıcı onkologiya mərkəzləri ilə — MD Anderson Cancer Center, Weill Cornell University, İllinoys Universiteti — və eləcə də Avropanın bir sıra nüfuzlu tibb müəssisələri arasında elmi-praktik əməkdaşlıq sazişlərinin bağlanmasında, birbaşa iştirak etmişdir. Onun təşəbbüsü ilə Milli Onkologiya Mərkəzində 2026-cı ildən etibarən ilk dəfə olaraq Baş-Boyun Onkologiyası üzrə kurs yaradılmışdır. Bu kursda onkoloqlar, cərrahlar, endokrinoloqlar və radioloqlar iştirak edirlər. Kurs onun rəhbərliyi ilə ildə iki dəfə keçiriləcəkdir.
Onun rəhbərliyi ilə dörd fəlsəfə doktorluğu (PhD) dissertasiyası müdafiə olunmuş, daha iki dissertasiya müdafiə mərhələsinə yaxınlaşmışdır. Professor Əliyev 60-dan çox elmi məqalənin, bir monoqrafiyanın, dörd tədris proqramının və iki metodik vəsaitlərin müəllifidir. O, baş-boyun nahiyəsi xəstəliklərinin diaqnostika və cərrahi müalicəsi üzrə aparıcı mütəxəssislərdən biridir. Onun elmi və klinik fəaliyyətinin əsas istiqamətlərinə tiroid vəzi, qırtlaq, udlaq, dil, parotis (qulaqaltı) və çənəaltı vəzilər, dəri və baş-boyun nahiyəsinin digər anatomik strukturlarının xəstəlikləri daxildir. Onun rəhbərliyi ilə baş-boyun şişlərinin profilaktikası və erkən diaqnostikasına dair kompleks proqramlar hazırlanmışdır. Baş-boyun onkoloji xəstəliklərinin diaqnostika və müalicəsində professor Əliyev ən müasir texnologiyalardan — nazik iynə aspirasiya biopsiyası, tiroidin radionuklid müayinəsi, SPECT-KT və radioaktiv yod müalicəsindən istifadə edir. Bu üsullar şişin mövcudluğunu və yayılma dərəcəsini yüksək dəqiqliklə müəyyən etməyə imkan verir və xəstəliyin erkən mərhələlərində cərrahi müalicənin effektivliyini artırır.
2015-ci ilin dekabrında o, I.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialının rektoru vəzifəsinə təyin edilmişdir. Professor Əliyev tədris prosesinin optimallaşdırılması məqsədilə modullu tədris sistemini tətbiq etmişdir. Bu sistem klinik fənlərin mühazirələr və ardınca klinik rotasiyalar şəklində təşkili vasitəsilə tələbələrə nəzəri bilikləri dərhal klinik şəraitdə tətbiq etmək imkanı yaradır. Onun rəhbərliyi dövründə Seçenov Universitetinin Bakı filialını 650-dən çox həkim bitirmiş, hazırda isə 900-dən çox tələbə tibb, rezidentura və farmakologiya proqramları üzrə təhsil alır. Filialda müasir simulyasiya təlim mərkəzi yaradılmışdır. Bu mərkəz tələbə, rezident və həkimlərə klinik düşüncə, komandada işləmə və təcili qərarvermə bacarıqlarını real tibbi şəraitə maksimal yaxın mühitdə inkişaf etdirməyə imkan verir. Bu simulyasiya ssenariləri tələbələrin motivasiyasını və praktik bacarıqlarını əhəmiyyətli dərəcədə artırır. Onun rəhbərliyi ilə “Simulyasiya Təliminin Metodologiyası” adlı metodik vəsait hazırlanmışdır.
Simulyasiya təlim mərkəzinin əsas layihələri: Seçenov Universiteti Bakı filialı və Azərbaycan Tibb Universitetinin tələbələrinin praktiki bacarıqlarının inkişafı və akkreditasiyası həmçinin Azətbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu üçün həkimlərin diplomdan sonra hazırlanması; Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Formula-1 Azərbaycan Qran-Pri könüllüləri üçün təlim proqramları; BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları üçün “İlk Yardım” təlimləri - COP29; AZAL əməkdaşları üçün “İlk Tibb Yardım” təlimləri; xüsusi əhəmiyyət və qürurverici amil — Qarabağ iqtisadi rayonunun Şuşa və Laçın şəhərlərində travma hallarına yönəlmiş “İlk Tibb Yardım” layihəsidir. Universitet Azərbaycan, Türkiyyə, Avropa, ABŞ və Rusiyanın 35-dən çox tibb müəssisəsi ilə əməkdaşlıq edir və tələbələr üçün geniş klinik təcrübə imkanları yaradır.
2023-cü ildə Əziz Əliyev, “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif olunmuşdur. 2024-cü ildə professor, MDB-nin ən yüksək humanitar mükafatı olan “Birliyin Ulduzları” Dövlətlərarası Mükafatına, “Elm və təhsildə görkəmli xidmətlər və nailiyyətlərə görə” nominasiyası üzrə mükafata layiq görülmüşdür. Mükafatın 2 milyon rubl məbləğində olan pul hissəsini tam şəkildə Qarabağ Dirçəliş Fonduna ianə etmişdir. 2025-ci ildə Rusiya Federasiyası Səhiyyə Nazirinin əmri ilə "Səhiyyənin təkmilləşdirilməsinə və inkişafına verdiyi əhəmiyyətli töhfəyə və yüksək ixtisaslı tibbi yardımın göstərilməsində uzun illər səmərəli fəaliyyətinə görə" təşəkkürnaməsi ilə təltif edilib. 2026-cı ildə professor Əliyev Miami Cancer Research Center (Mayami Xərçəng Tədqiqat Mərkəzi) tərəfindən cərrahiyyənin elm və sənətində göstərdiyi yüksək peşəkarlığa görə“Excellence in Surgical Healing” (“Cərrahi Müalicədə Mükəmməllik Mükafatı”) ilə təltif edilib.
Ailəlidir, iki övladı vardır.