
Həkim haqqında
1999-cu ildən 2002-ci ilədək Pittsburg Tibb Universitetinin (ABŞ) rezidenturasında təhsil alıb. Rezidentura müddəti ərzində baş-boyun nahiyyəsindəki şişlərin cərrahi müalicəsi üzrə rotasiyalar keçib.
2002-ci ildən Azərbaycan Tibb Universitetinə işə qəbul olunub.
2003-cü ildə ABŞ-da müdafiə edilmiş elmi işi, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya edilib və tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.
2008-ci ildə tibb elmləri doktoru dissertasiya işini uğurla müdafiə edib və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri doktoru alimlik dərəcəsi verilmişdir.
2009-cu ilin may ayından 2010-cu ilin noyabr ayınadək cərrah tibb diplomunu Almaniyada təsdiqləyib.
2011-ci ildə cərrah tibb diplomunu Avstriyada təsdiqləyib.
2011-ci ildən 2013-cü ilədək Avstriyanın Barmherzigen Schwestern klinikasında baş-boyun şişləri şöbəsində cərrah-onkoloq vəzifəsində calışıb.
2013-cü ilin aprel ayından 2014-cü ilin sentyabr ayınadək Azərbaycan Tibb Universitetinin müalicə işi üzrə ictimai əsaslarla prorektor vəzifəsində çalışıb.
2013-ci ilin may ayından AR SN Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri bölməsinə aparıcı elmi işçi və cərrah-onkoloq vəzifəsində çalışır.
2014-cü ildən “Azərbaycan Onkologiya Jurnalı”n redaksiya heyətinin üzvüdür.
2015-ci ildən “onkologiya” və “şüa diaqnostikası və terapiyası” ixtisasları üzrə
FD 03.021 – Dissertasiya şurasının üzvüdür.
2015-ci ildən AR SN Milli Onkologiya Mərkəzinin Elmi şurasının sədr müavinidir.
2015-ci ilin dekabr ayından Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru təyin olunub.
2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının qərarı ilə onkologiya üzrə “professor” elmi adına layiq görülüb.
2016-cı ildə Amerika Birləşmiş Ştatlarında məşhur mərkəzlərindən biri olan Sloan-Kettering Xərçəng mərkəzində “baş və boyun onkologiyası” üzrə cərrah beynəlxalq diplomu təsdiqləyib.
Avropanın Onkoloqlar Cəmiyyətinin və Amerika Birləşmiş Ştatların klinik onkologiya üzrə cəmiyyətinin üzvüdür. Azərbaycanda professor Əziz Əliyev baş boyun şişləri diaqnostikası və müalicəsi sahəsində aparıcı mütəxəssisdir. Onun elmi-praktik fəaliyyətinin ən mühüm istiqamətlərindən biri qalxanabənzər vəzin patologiyası problemidir. Qalxanabənzər vəzi xəstəlikləri Azərbaycanın bir sıra regionlarında endemik xarakter daşıyır.
Professor Əziz Əliyevin rəhbərliyi ilə qalxanabənzər vəzin xərçəngi və xərçəngönü xəstəliklərinin ilkin diaqnostikası və müalicəsinin kompleks proqramı hazırlanmışdır. Bu proqrama uyğun olaraq son bir neçə il ərzində epidemioloji və molekulyar-genetik tədqiqatlar aparılır. Hazırki tədqiqatların əsas məqsədi qalxanabənzər vəzi xərçənginin yaranmasının önəmli risk faktorlarının təyini və xəstəliyin profilaktikası proqramlarının işlənib hazırlanması olmuşdur.
Qalxanabənzər vəzi xərçənginin diaqnostikası və müalicəsində professor Əziz Əliyev ən qabaqcıl tibbi texnologiyalardan istifadə edir: qalxanabənzər vəzin nazik iynə biopsiyası, radionuklid müayinə, SPECT-CT (birkanallı pozitron-emission kompyuter tomoqrafiya), radioaktiv yod ilə terapiya və s. aiddir. Aparıcı diaqnostika metodlarının tətbiqi şişin yayılma dərəcəsinin daha yüksək informativlik ilə təyininə və sonradan radioaktiv yod ilə terapiyanın nəzərdə tutulması ilə adekvat cərrahi müdaxilələrin aparılmasına imkan yaradır.
Professor Əziz Əliyevin digər elmi-praktik istiqamət maraqları çərçivəsinə qırtlaq xərçəngi aiddir. Xüsusən, onun tərəfindən xəstələrə qırtlağın çıxarılmasından sonra sərbəst danışmaq imkanı verən xüsusi cihaz kliniki praktikaya tətbiq edilmişdir. Bundan başqa, qırtlaq xərçəngin erkən mərhələlərdə lazer cərrahiyyəsi tətbiqi orqan qoruyucu əməliyyatların keçirilməsi asanlaşdırır və şüa terapiyasını istifadəsi qarşısını alır.
Professor Əziz Əliyev Amerika və Avropa Klinik Onkoloqlar Cəmiyyətinin həqiqi üzvüdür. Özünün elmi araşdırmalarının nəticələri ilə müntəzəm olaraq müxtəlif Beynəlxalq konqreslərdə, konfranslarda və qurultaylarda çıxış edir. Onkologiya sahəsində gələcək tədqiqatların inkişafı üçün Milli Onkologiya Mərkəzinin ABŞ və Avropanın qabaqcıl elmi-tədqiqat mərkəzləri ilə elmi mübadilə haqqında sazışlərin imzalanmasında professor Əziz Əliyevin böyük rolu olmuşdur. Təcrübəli Səhiyyə təşkilatçısı kimi Əziz Əliyevin başçılığı altında Respublikada beynəlxalq konfranslar və konqreslər yüksək səviyyədə təşkil edilmiş və keçirilmişdir.
Professor dəfələrlə ABŞ, Almaniya, Avstriya, Rusiyada apardığı tədqiqatların nəticələri haqqında müxtəlif Beynəlxalq konqreslərdə, konfranslarda və qurultaylarda məruzələrlə çıxış edib.
Həmçinin, Azərbaycanda ilk dəfə olaraq Kanser-Registrin yaranmasında da professorun böyük rolu var. Milli Onkologiya Mərkəzinin nəzdində yaradılmış "Azərbaycan Milli Xərçəng Xəstəlikləri Registri (OnkoRegistr)" Beynəlxalq Xərçəng Xəstəlikləri Assosiasiyasının üzvü qəbul edilmişdir.
Onun rəhbərliyi ilə 4 fəlsəfə doktorluq dissertasiya işi yerinə yetirilir.
Ə.C.Əliyevin onkologiya sahəsində 40 dərc olunmuş elmi işi var, onlardan:1 monoqrafiya, 4 dərslik, 1 metodik tövsiyə.
Ailəlidir, iki uşağı var.

Əliyev Əziz Cəmil oğlu, 16 yanvar 1975-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
1991-ci ildə Bakı şəhəri 134 saylı məktəbi gümüş medalla bitirib.
1991-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə fakultəsinə daxil olub.
1992-ci ildə Azərbaycan Respublikasının Dövlət proqramı ilə təhsilini Amerika Birləşmiş Ştatlarında davam etdirib,
1999-cu ildə Nyu-York Universitetində təhsilini bitirib.