Please reload

Recent Posts

Bakıda “Beynəlxalq multidissiplinar xərçəng müalicəsi” mövzusunda beynəlxalq konfrans keçirilir

September 17, 2018

1/8
Please reload

Featured Posts

Dünyanın tanınmış onkoloqları Bakıda

Martın 14-də Bakıda onkologiyanın aktual problemlərinə həsr olunmuş beynəlxalq elmi konfrans öz işinə başlayıb. VIDEO

 

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Onkologiya Mərkəzinin və ABŞ-ın MD Anderson Xərçəng Mərkəzinin birgə təşkil etdiyi konfransda onkologiyanın aktual problemləri - müasir diaqnostika, süd vəzi xərçənginin müalicəsi və rekonstruktiv cərrahiyyəsi, uşaq onkologiyası, baş-boyun xərçəngi xəstəlikləri, virus hepatitləri olan xəstələrin, həmçinin xəstələrin reanimasiya şəraitində idarə olunması sahələrinə müasir yanaşma məsələləri müzakirə edilir.

 

Konfransın keçirilməsində əsas məqsəd dünyanın nüfuzlu, aparıcı mərkəzləri arasında beynəlxalq koordinasiya mexanizminin işlənib hazırlanması, ayrı-ayrı sahələr üzrə dünya şöhrətli alimlər, tədqiqatçılar və həkimlərlə əlaqələrin qurulması, bir-biri ilə sıx bağlı olan elm və səhiyyə sahələrinin ən son nailiyyətlərinin müzakirəsini reallaşdırmaq üçün imkan yaratmaqdır.

 

Qonaqları salamlayan Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev bildirib ki, ABŞ, Almaniya, Avstriya, Türkiyə, ümumiyyətlə dünyanın 20-dən çox ölkəsindən Bakıya gəlmiş nüfuzlu alim, tədqiqatçı və aparıcı mütəxəssislər onkoloji xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası sahəsində azərbaycanlı həmkarlarının gördüyü işlər, əldə etdiyi nəticələrlə tanış olacaq, eyni zamanda, onlarla öz tədqiqat və təcrübələrinin sirlərini bölüşəcəklər. İki gün davam edəcək konfransda onkoloji patologiyaların diaqnostikası və müalicəsinin təfərrüatları, elm, tibb və səhiyyənin müxtəlif aktual problemləri, onkologiya qarşısında duran vəzifələr və onların potensial həlli yolları da daxil olmaqla, bir çox mövzular da həm plenar iclaslarda, həm ustad dərslərində, həm də sərbəst təmaslar zamanı müzakirə ediləcəkdir.

 

Diqqətə çatdırılıb ki, Azərbaycanda onkoloji xəstəliklərin sayı getdikcə azalır və bədxassəli şişlərdən əziyyət çəkən insanların pulsuz olaraq ixtisaslaşdırılmış tibbi və sosial yardın almaları üçün tam hüquqi zəmin yaradılıb.

 

Cəmil Əliyev vurğulayıb ki, onkologiya üzrə geniş tərkibli beynəlxalq elmi konfransın Bakıda keçirilməsi, çox nüfuzlu məşhur alim və həkimlərin yerli mütəxəssislərin işini yüksək qiymətləndirməsi, onların nailiyyətlərinə çox böyük önəm verməsi, ABŞ-ın dünya şöhrətli MD Anderson Xərçəng Mərkəzinin Milli Onkologiya Mərkəzinin müasir fəaliyyətini təqdir edərək onunla əməkdaşlıq etmək istəyi, təkcə Mərkəzin, ölkə səhiyyəsinin deyil, son illər davamlı inkişafda olan Azərbaycanın çox böyük uğurudur. Şübhə yoxdur ki, onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi üzrə təcrübələrin, elmi işlərin, standartların müxtəlif ölkələrin mütəxəssisləri arasında mübadiləsi ölkəmizdə tibbi xidmətin və əhalinin sağlamlığının qorunmasının keyfiyyətinin daha da artırılmasına xidmət edəcəkdir.

 

Akademik Cəmil Əliyev konfransın işinə uğurlar arzulayıb.

 

Sonra Milli Onkologiya Mərkəzinin yaranma tarixi və uğurlarından danışılıb. Bu barədə məlumat verən professor Əziz Əliyev bildirib ki, Azərbaycan Prezidentinin diqqət və qayğısının nəticəsi olaraq hazırda Milli Onkologiya Mərkəzi ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə də təchiz edilib. Onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təminatı problemi aradan götürülüb. Zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan Milli Onkologiya Mərkəzi artıq dünyanın ən qabaqcıl onkoloji mərkəzləri ilə müqayisə oluna bilər. Mərkəzin əməkdaşları tərəfindən respublikamızın onkoloji xidmətinin strukturunun təşkili, bədxassəli şişlərin erkən diaqnostikası və bu xəstələrə müasir cərrahi, şüa və dərman müalicəsinin aparılması, mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi istiqamətində böyük elmi araşdırmalar aparılır.

 

Milli Onkologiya Mərkəzi bu gün respublika əhalisinə göstərilən ixtisaslaşmış onkoloji yardım üzrə aparılan elmi-metodik və profilaktik işlərin koordinasiyası ilə məşğul olan əsas mərkəz funksiyasını daşıyır. Mərkəzin müasir və yaraşıqlı cərrahiyyə korpusu ən müasir tibbi avadanlıqla təchiz olunub. Yeni radiologiya və uşaq onkologiyası korpusları vətəndaşların ixtiyarına verilib. Ötən il 650 çarpayılıq klinik bazası olan, bədxassəli şişlərin etiopatogenezi, diaqnostikası, müalicəsi və profilaktikasına dair məsələlərin öyrənilməsi ilə məşğul olan Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın xərçəng xəstəliyində şüa müalicəsinin aparılması üçün ən müasir texnologiyalar layihələşdirən və istehsal edən “Varian Medikal Sistems” şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb. Bununla da Milli Onkologiya Mərkəzinə rəsmi olaraq beynəlxalq tədris və məsləhət mərkəzi statusu verildi.

 

Diqqətə çatdırılıb ki, bu konfransa təkcə ölkəmizdə deyil, bütün dünya səhiyyəsinin onkologiya sektorunda olan böyük maraq onun müzakirə etdiyi məsələlərin aktuallığı, geniş tematikası ilə bitmir. İlk dəfə olaraq Azərbaycan Milli Onkologiya Mərkəzi beynəlxalq elmi - praktik konfransı dünyanın ən nüfuzlu və ən mötəbər elmi-tədqiqat ocaqlarından biri olan MD Anderson Xərçəng Mərkəzi ilə birgə keçirir. Bu fakt Milli Onkologiya Mərkəzinin ildən-ilə artan nüfuzunun və pozitiv göstəricilərinin beynəlxalq səviyyədə təsdiqi deməkdir.

 

Milli Onkologiya Mərkəzinin yeni tərəfdaşı - Hyuston şəhərində yerləşən Texas Universitetinin MD Anderson Xərçəng Mərkəzi Amerika Birləşmiş Ştatlarının üç ən böyük onkologiya mərkəzindən biridir. Bu elmi müəssisə, həm də xərçəng xəstəliklərinin müalicəsi və tədqiqi üzrə çox böyük mərkəzdir. Bu Mərkəz ABŞ-ın iki iri elmi-tədqiqat yönümlü ali tibb məktəbi ilə birləşmiş bir neçə xəstəxana kompleksindən biridir. 2014-cü ildə MD Anderson Xərçəng Mərkəzi “U.S. News & World Report” jurnalında dərc olunmuş “Ən yaxşı xəstəxana” araşdırmasında onkoloji xəstəliklərin müalicəsi üzrə lider olub. MD Anderson Mərkəzi təkcə Amerika Birləşmiş Ştatlarının deyil, dünyanın ən yaxşı onkoloji xəstəxanalarından biri hesab edilir.

 

Konfransın gedişində Azərbaycan Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın MD Anderson Xərçəng Mərkəzi arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Memoranduma görə, hər iki mərkəz mütəxəssislər, elmi-tədqiqatlar, yeni innovasiyalar, qabaqcıl təcrübə mübadiləsi ilə bağlı qarşılıqlı öhdəliklər götürür. Azərbaycanlı mütəxəssislər MD Anderson Mərkəzində təcrübə keçməyə göndəriləcək, amerikalı onkoloqlar isə Milli Onkologiya Mərkəzində həkimlərlə birlikdə müalicə - profilaktika proseslərində iştirak edəcəklər. Artıq qonaqların bir qrupu Mərkəzdə yerli mütəxəssislərlə xəstələrin müayinə və müalicə prosedurlarında birgə çalışır, təcrübə mübadiləsi aparırlar.

 

Konfransın ilk günündə onkologiya sahəsində dünyanın tanınmış mütəxəssisləri - professor Banu Arun (ABŞ), professor Tsezar Nunez (ABŞ), professor Tezer Kutluk (Türkiyə), professor Aksel-Mario Feller (Almaniya), professor Martin Burian (Avstriya) və professor Əziz Əliyevin (Azərbaycan) məruzələri dinlənilib.

 

Beynəlxalq elmi konfrans öz işinə martın 15-də yekun vuracaqdır.

 

http://azertag.az/xeber/839273 

Please reload

Follow Us
Please reload

Archive
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square
  • Wix Facebook page